skip to Main Content
Baku Medical Plaza, Uşaq Sağlamlıq Mərkəzi
(012) 909 bmp@pediatriya.com.az Uşaq Sağlamlıq Mərkəzi
Dr. Erkin Rəhimovun Iki Il ərzində Bakıda Gördüyü Işlər, Uğurları Və ən çox Rastlanan Problemlər

Dr. Erkin Rəhimovun iki il ərzində Bakıda gördüyü işlər, uğurları və ən çox rastlanan problemlər

`Məmurların uşaqları bizə müraciət edir` – Tanınmış həkim (Müsahibə)

“Azərbaycanda həkimlərə qarşı ciddi aqresiyya yaranıb”

Baku Medical Plazanın Pediatriya və Neonatologiya, Yenidoğulmuşların Reanimasiyası şöbələrinin müdiri Uzman Pediatr-neonatoloq Dr. Erkin Rəhimovu bu gün bir çox ana, valideyn tanıyır və ona övladını etibar edir.

Erkin Rəhimov iki il ərzində Bakıda gördüyü işlər, uğurları və uşaqlarla bağlı bu gün ən çox rastlanan problemlər barədə sualları cavablandırdı.

– Erkin bəy, ilk olaraq sizi tanıyaq. Hər bir həkim haqqında araşdırma aparılarkən ilk növbədə onun təhsilinə, iş təcrübəsinə və uğurlarına diqqət edilir.

– Bakıda anadan olmuşam. Atam elm adamıdır, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitunun Aqroklimatologiya şöbəsinin müdiridir. Anam isə filoloqdur, hal-hazırda işləmir. Qardaşım Dövlət İqtisad Universitetinin bakalavrını və University of Warwickdə isə magistraturanı bitirib, hal-hazırda ölkəmizin aparıcı özəl bankların birində sədr müavinidir. Özüm 134 nömrəli məktəbdə və Türk Liseyində oxumuşam. Məktəb illərində biologiya fənni ilə maraqlanmışam və bir çox olimpiadalarda dərəcə almışam. Məktəbi qızıl medal ilə bitirdikdən sonra 2001-ci ildə Tibb Universitetində Müalicə-Profilaktika fakültəsinin rus dili bölməsi üzrə qəbul olub, orada iki il oxumuşam. Həmin vaxtı Türkiyədən Azərbaycana istedadlı və yaxşı oxuyan tələbələri seçmək üçün İstanbul Universitetinin bir professoru gəlmişdi. Bir gün əlaçılar arasında seçim oldu və 150 nəfərdən 24 nəfər seçildi. Həmin 24 nəfər içərisində mən də var idim. 12 nəfər İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsinə, 12 nəfər isə İstanbul Tibb (Çapa) fakültəsinə qəbul olundu. Mən Cərrahpaşada yerləşdirildim və 2007 ildə Tibb Universitetindən yüksək ortalama ilə məzun oldum. TUS-a (uzmanlıq ixtisasına yerləşmək üçün keçirilən çox çətin bir imtahan) hazırlandım və ilk istəyim olan İstanbul Tibb Fakültəsi (Çapa) Uşaq Sağlığı və Xəstəlikləri bölməsini qazandım. İxtisas təhsilimi bitirdikdən sonra Memorial Xəstəxanalar qrupundan dəvət aldım. Bu xəstəxanalar qrupu Türkiyədə ilk olaraq JCI akreditasiyasını almağa nail olmuş çox peşəkar bir tibbi qurumdur. Memorial Hizmət Xəstəxanası Neonatologiya (Yenidoğulmuşların reanimasiyası) şöbəsinin müdiri kimi iki il orada işlədim. Vətənə dönməyi həmişə fikirləşirdim və ciddi, peşəkar bir xəstəxanadan – Baku Mediacal Plazadan təklif gəlincə, Bakıya dönməyə qərar verdim.

– Türkiyədə uzmanlıq təhsilini almış kimi Azərbaycanda necə qarşılandınız? Hər halda həmkarlarınız arasında sizə qısqananlar da oldu?

– Gələndən sonra bəzi uzman həmkarların tövsiyyəsi olurdu ki, “burada heç kimə güvənmə, heç nə öyrətmə, sonra səni arxandan bıçaqlayarlar”. Burada bildiyimiz nə var idisə öz həkim komandamıza öyrətməyə çalışdıq və bilirdik ki, doğuşların çox olduğu bir yerdə – Neonatologiya şöbəsində bir həkim baş çıxara bilməz, müvəffəqiyyət qazana bilməz. Ona görə bildiyimiz nə var idisə hamısını bizim həkimlərimizlə paylaşmağa çalışdıq və bunun sayəsində çox yaxşı komanda quruldu. Komandada məndən əlavə 6 neonatoloqumuz var və onlar gecəli – gündüzlü burada növbədə qalırlar. Əlavə həkimləri də yığmağa çalışdıq. Bir çox yerlərdə eyni sahə üzrə yaxşı həkimlər bir yerdə işləmək istəmirlər. Çünki mübarizə olur. Biz isə əksini etdik. Türkiyədə uzmanlığı bitirmiş digər pediatrları da dəvət etdik. Hal-hazırda onlarla bərabər işləyirik. Nəticədə qısa bir müddətdə (2 il) bir çox uğura imza ata bildik. Həm neonatologiya, həm pediatriya sahəsində görülən işlər, qurulan komanda, verilən rəylər əslində müsbətdir. Bununla da yetinmədik. 2015-ci ildə xəstəxanamızda Azərbaycanda ilk dəfə olaraq Ümumdünya Vaxtından Əvvəl Doğulmuşların Gününü qeyd etdik. İstədik ki, bizim ölkədə də bu mövzuya diqqət cəlb edək. Ölkənin baş neonatoloqu daxil olmaqla bir çox neonatoloq və ginekoloq iştirak etdi. Həmçinin bizdə doğulmuş və həyata tutunmuş körpələrimizin ailələrini dəvət etdik, uşaqlara hədiyyələr verdik. Biz çox istərdik ki, vaxtından əvvəl doğulmuş uşaqlarla bağlı valideynlərdə inam yaradaq. Dərin vaxtından əvvəl doğulmuş uşaq olduğu təqdirdə analar ondan əlini üzməsin. Həmin tədbirdə bir çox neonatoloq bir araya gəldi və qərara gəlindi ki, ayda bir toplanaq, iclaslar edək, neonatologiya sahəsi ayağa qalxısın. O vaxtdan bəri belə 5 tədbir keçirilib və bir çox regionlardan bu tədbirə neonatoloqlar qatılır. Məruzəçilər bildiklərini təmannasız həkimlərimizlə paylaşırlar. Ən ağır xəstələri müzakirə edirik. Özəl bir xəstəxana olsaq da ölkəmizin inkişafı üçün, neonatologiya sahəsinin dirçəlməsi üçün sevə-sevə bütün elmi iclasların təşkil edilməsində əlimizdən gələnləri tətbiq etməyə davam edəcəyik. Əslində qısqananlar hər zaman olsa da işimizi bəyənən, bizə pozitiv güc verən, yeri gəldikdə dəstək çıxan həmkarların sayı da az deyil. Fikrimizcə, ölkəmizdə tibbin inkişafı üçün həkim birliyi, elmi konfrasların sayının çoxalması böyük rol oynayır.

– Lakin narazılıqlar da olur. Hər halda sosial şəbəkələrdə və ya müxtəlif diskusiya saytlarında buna rast gəlinir.

– Bildiyiniz kimi burada ən ağır uşaqları, hətta çəkisi 1000 qramdan aşağı olan uşaqları qəbul edirik. Bizim xəstə portfelimizi əsasən onlar təşkil edir. Bir çox xəstəxanalar həmin uşaqları qəbul etmir (bir çox obyektiv səbəblərə bağlı olaraq). Bizdə ayda 500-600 arası doğuş olmasına baxmayaraq çox vaxt ayda uşaq ölümü ya olmur və ya 1-2 olur. Tibbdə uşaq ölümü mində olaraq hesablanır (hər min canlı doğulmuş uşaqdan ölən uşaq sayısı). Bizim rəqəmimiz mində bir-iki arasındandır (nəzərə alın ki bu saya ən ağır uşaqlar belə daxildir). Dünya ilə müqayisədə bu çox azdır. Dünyada birinci yerdə olan inkişaf etmiş və həmçinin çox balaca ölkə olan Monakkoda bu göstərici mində 1.7 – dir. Bütün başqa ölkələrdə bundan da çoxdur. Bu qədər çətin işləri dünya standartlarına uygun müvəffəqiyyətlə görməyimizə baxmayaraq əleyhimizdə mənfi şeylərin danışılması bizi kədərləndirsə də yolumuza davam etməyimizə mane törədmir. Çoxunun da kökünü araşdırdıqda tibbi heç bir səhv çıxmır. Biz bütün şikayətləri nəzərə alırıq və araşdırırıq. Bəzən başqa həmkarlarımız bizi pisləmək üçün ailəni bizə qarşı tamam çevirirlər. Biz verdiyimiz bütün müalicələri, laborator müayinələri, hər bir şeyi şikayətçi ailələrə təqdim edirik. Şikayət etmək istəyən ailələlər müvafiq nazirliklərə şikayət ərizəsi verdikdə xüsusi komissiya qurularaq ciddi araşdırma aparılır və nəticələr haqqında ailə məlumatlandırılır. Amma bu komissiyanın rəyi olmadan, əlində sübut olmadan həkimləri gözdən salma səyləri çox üzücüdür. Əslində onun-bunun sözü ilə birini ittiham etmək çox asandır, amma iş görmək çətindir. Burada ayda 500-600 uşaq doğulur, bu gündə bəzən 30-40 uşağın doğulması deməkdir. Bu qədər böyük axın olsa da, uşaqlarla və analarla bağlı ciddi problem nadir hallarda yaşayırıq. Bunun səbəbi isə ciddi təşkilati işlərdir. Bu görülən işə verilən önəmdir. Bunu etmək heç də asan deyil. 20-ə yaxın həkim, 100-ə yaxın tibbi bacısı çalışır. Hər bir insan səhv edə bilər. Lakin sistemi elə qururuq ki, bu səhvlər az olsun və kontrol mexanizmi onları vaxtında aşkar etsin. Ciddi nəzarət mexanizmi qurmuşuq. Bunların sayəsində belə göstəricilər almışıq. Bizim göstəricilərimiz Türkiyənin (orada işlədiyim üçün qeyd edirəm) bir çox ən yaxşı, özəl xəstəxanaları ilə müqayisə ediləcək səviyyədədir. Xarici qonaqlarımız gəlib burada reanimasiya şöbəsini, pediatriyanı gəzəndə məəttəl qalırlar ki, Azərbaycanda belə mərkəz necə qurulub. Bunlar hamısı bir insanın işi deyil. Bunun tibbi personalın keyfiyyəti, menecmenti, quruluşu, sahibkarları var. Və ən vacibi bizə inanan xəstələrdir.

– Türkiyədə çox gözəl işiniz var idi. Azərbaycana qayıtmağınıza nə təsir etdi?

– Əvvəl də dediyim kimi qayıtmaq həmişə istəyim olub, ama bura gəlmək üçün bəzi şərtlərim var idi. Ailəli bir insanın prestijli işi buraxıb başqa ölkəyə köçməsi heç də düşünüldüyü kimi asan deyil. Ən vacib şərtim ixtisasım və iş praktikam vaxtı öyrəndiyim hər şeyi ölkəmdə həm tətbiq eləmək, həm də həmkarlarıma öyrədə bilməkdir. Bunun üçün müasir, peşəkar və ən vacibi işini bilən mütəxəssislərə dəyər verən xəstəxana lazımdır. Bir çox yerdən təklif alsaq da Baku Medical Plazanın baş həkimi Gokhan bey ilə tanış olduqdan sonra bu şəraiti yarada biləcək potensiyala və güclü menecmentə sahib olduğunu anladım və geri dönməyə qərar verdim. İkinci şərtim dünya standartlarına uyğun xidmət göstərmək üçün tibbi avadanlıq çox vacib olması idi və bu avadanlıq alınmalı idi. Baş həkim məndən siyahını istədi və qısa bir zamanda dəyəri çox yüksək miqdarda olan aparaturanı aldı. Bunun sayəsində daha əvvəl ölkəmizdə heç tətbiq edilməyən müasir müalicə metodlarını istifadə etməyə başladıq. Bu gün bir çox körpəmizin, bu ölkənin balaca vətandaşının bu yeni metodlar sayəsində sağlam bir şəkildə həyata tutunmasının sevincinin yaşayırıq. Misal üçün ölkəmizdə ilk dəfə doğuşda oksigensiz qalmış körpələrə “total bədən hipotermiyası” mualicəsini biz tətbiq etməyə başladıq. Sarılığı daha tez düşürən “dairəvi fototerapiya (tunel tipli)”, ağ ciyər qanaması olan uşaqlar, ağır tənəffüs çatışmamazlığı olan uşaqlar üçün nəzərdə tutulan “HFO süni ventilyasiya aparatı” da bu mənada ilklərdir.

Şöbəmizdə bir xəstəxanadan digərinə uşaqlar daşındıqca yolda soyumasın deyə, ən son vetnilyatorla təhciz olunmuş, transport küvezi olan ambulansı istifadə edərək bir çox ölümün qarşısı alınmağa çalışılır. ROP müayinəsi vaxtından əvvəl doğulmuş uşaqlarda korluğa səbəb ola bilən retinopatiyanı aşkar etmək üçün nəzərdə tutulan gözün torlu qişasının müayinəsidir. Bəzən torlu qişa tam inkişaf etmir, damarlanma səhv gedir və uşaq kor qala bilər. Misal üçün bir uşağa 40 gün boyunca ən yükəsk səviyyədə baxırsan, mualicə edirsən, evə çıxır, amma, həyatı boyunca kor olur. Bunun qarşısının alınması üçün mütləq həmin müayinə vaxtında aparılmalıdır. Bu qədər çox vaxtından əvvəl doğuşun olmasını nəzərə alaraq həkimizi Türkiyəyə göndərdik və sırf bu sahə üzrə yetişdi. Bunun sayəsində bu günədək retinopatiya səbəbiylə kor qalan uşağımız heç olmadı (hamısı vaxtında əməliyyat olduğu üçün). Düşünün bir ana bəzən 10 il uşaq gözləyir və istəyinə nail olur. Lakin vaxtından əvvəl doğuşla uşaq yaşasa da kor olur. Bu çox ciddi bir məsələdir. Son elmi iclasımızda neonatoloqlarımızla bu məsələni müzakirə etdik, qərara aldıq ki, vaxtından əvvəl doğulmuşlar bu müayinədən mütləq keçməlidirlər. Xalqımız, ailələr hələki bu barədə tam məlumatlı deyildir. Lakin biz həkim olaraq onları bilgiləndirməliyik. Buna əlavə olaraq. biz 2 ildir bizdə doğulan körpələrə eşitmə testi edirik. Düzdür, bəziləri bundan imtina edir amma biz yorulmadan bu profilaktik tədbirlər haqqında ailələrə şifahi və yazılı məlumat veririk. Çox sevindirici haldır ki, artıq dövlətimiz yeni layihə ilə eşitməyən uşaqlara koxalyar implant əməliyyatını təmənnasız icra edir. Nəzər alsaq ki, statistikaya görə hər 1000 uşaqdan 5-i anadan gəlmə eşitməyə bilər, bu çox aktual və vacib bir mövzudur. Bununla yanaşı neonatal skrininqi də ailələrə izah edirik, mahiyyətini və vacibliyini anlayan bir çox ailəmiz bu testdən keçir. Uşaqdan ilk günlərdə sidiyə və böyük bayıra çıxma, qidalanma və yatma, oyanma gözlənilir. Lakin böyüdükcə uşağın ali funskiyaları da ortaya çıxır. Bizim məqsədimiz tək uşaq doğulduğu zaman deyil, gələcəyini də sağlamlıq altına almaqdır. Bir neonatoloq olaraq heç vaxt tək bununla fəxr etmədik ki, bizim bu qədər az uşağımız reanimasiyada öldü, bu qədəri xəstəxanadan çıxdı. Artıq qürur mənbəyi sağ çıxanların sağlam şəkildə böyüdüklərini müşahidə etməkdir. Yenidoğulmuşda sarılıq olduqda ailələrə deyirik ki, bu məqsədlə tək elmi mualicə növü ya fototerapiya, ya da qan dəyişdirilməsidir. Hətta hər bir ailəyə ümumdünya və Azərbaycan Səhiyyə Nazirliyinin sarılıqlı uşaqlar üçün nəzərdə tutulmuş protokolları sübut olaraq göstəririrk. Onlar isə bəzən bunu istəmir. Bəzi yerlərdə ağızdan qlükoza, su içirilməsi və lazımsız dərman mualicələrin verilməsi kimi tibbdən uzaq müalicələrə yol verilir. Bu isə müalicənin gecikməsinə və ciddi fəsadlara səbəb olur. Bu gün yanıma bir uşaq gətirilib, bir qulağı tam eşitmir, digər isə çox zəif eşidir, ciddi nevroloji fəsadları var. Yenidoğulmuş dövrdə yüksək sarılıq olsa da fototerapiya və qan dəyişməsi olunmadığı üçün bu hala gəlib. Valideynin hal-hazırda bərpaedici müalicə üçün maddi imkanı yoxdur. Sponsor gətirib və məni danışdırır. Qeyd etdim ki, kaş həmin uşaq vaxtında müraciət edərdi çox güman ki, indi sağlam uşaq olacaqdı. Bu ailə bəlkə də həyatının sonuna qədər bunu yaşayacaq. Biz həkimlərə böyük rol düşür, gərək əmin olmadan, yeni tibbi protokolları oxumadan ailələrə müalicə verməyək, onları səhv yola yönləndirməyək.

– İki ildir ki, Azərbaycanda işləyirsiniz. Burada həkimlərə münasibət size qane edirmi? Sizə güvənirlərmi?

– Azərbaycanda həkimlərə qarşı ciddi aqresiyya yaranıb. Bir həkimin səhvi onun səhvidir və bunu bütün həkimlərə aid etmək olmaz. Çünki bu ölkədə buranı sevən, peşakar və sağlamlıq üçün əlindən gələni edən bir çox həkim var. Şəxsən onları tanıyıram. Və bunların hamısı heç də xarici ölkədə təhsil almayıblar. Bəzən ailələr bura gəlib elə sözlər həkimlər haqda sərf edirlər ki… Bütün valideynlərə səslənirəm ki, səhv kimindirsə, haqqınızı tələb edin. Amma son nəticəni bilmədən sosial şəbəkələrdə, qəzetlərdə yazmaq, həkimlərimizi bu nöqtəyə çatdırmaq çox üzücü haldır. Neonatologiya şöbəmiz üçün danışsaq burada hər bir kəs öz uşağı kimi yenidoğulmuşlara baxır. Neonatoloqlarımızın və pediatrlarımızın çoxu cavandır. Bəzən buna görə etimad etmirlər. Lakin mən də cavan həkiməm. Mənə hələ də əvvəl işlədiyim yerdən zəng edirlər ki, təzə xəstəxana qurulur, gəl orda işlə. Mənim üçün Türkiyəyə getmək, orada yaxşı bir xəstəxanada işləmək o qədər də çətin deyil. Orada əldə etdiyim bir çox şeyi buraxıb gəldim. Həyatımı pozdum ki, xalqımıza xidmət edim. İki il ərzində çox gözəl işlər də görüldü. Bu niyəsə mediyada əksini tapmadı. Bu gün bəlkə də bəsit görsənə bilər, lakin bir bölməni qurmaq, onu inkişaf etdirmək və dağılmasının qarşısını almaq o qədər də asan deyil. Biz istədik ki, Azərbaycanda Amerika, Avropadan fərqli olmayan xəstəxana dizayn edək və bunu etdik. Gün ərzində baxdığımız xəstə sayısı və müayinə olmaq üçün yazılmaq üçün gözlənilən müddəti nəzərdə tutsaq demək 80-90 faiz bizi sevir və bizə güvənir. Ama hər zaman 5-10 faiz mənfi fikrə sahib olanların səsi daha çox duyulur. Mənim bəlkə də istəmədən kiminsə xətrinə dəydiyim, kobud danışdığım ola bilər. Onu irad tutmaq olar. Amma bir insanın savadına bələd olmadan, savadı haqqında şərh etmək gülünçdür. Dünya səviyəsində məşhur həkimlərin çox savadlı həkimdir dedikləri həkim savadı haqda əsassız ittihamlar səsləndirən insanlar əslində öz səviyəsini göstəririlər. Bəzən orta məktəbi çətinliklərlə bitirməsinə baxmayaraq, 6-7 yaşından etibarən davamlı oxuyan, elmlə məşgul olan, aparıcı universitetlərdə oxuyan, dünyada akreditasiya olunmuş ən güclü xəstəxanalarda aparıcı mütəxəssis olaraq işləmiş bir insanın biliyi barədə yalan məlumatları sosial şəbəkələrdə paylaşmaları heç vaxt anlaya bilmirəm. Bir insanın günahını almaq bu qədər asan olmamalıdır.

Mənə iş görüşməsi üçün gələn bütün həkimlərə ilk sualım hardan məzun olduğu və hansı kitablardan oxuduğu olur. Bizdə işləyən həkimlər yenilikləri biləcək, daima oxuyacaq, xarici ölkələrdəki konqreslərə gedəcək. Həkimlərimiz, mən daxil olmaqla ildə bir-iki dəfə xarici konqreslərə gedir. Bunun sayəsində bu texnologiyaları bura gətiririk. Əslində bahalı avadanlığı bir çox xəstəxana ala bilər, lakin onu tətbiq edəcək həkim lazımdır. Bunun üçün isə davamlı tibbi tədris və inkişaf şərtdir.

Bizə ən çox irad tutulan bir də pul-bahaçılıqdır. Türkiyədə Acıbadəm, Memorial və Amerikan xəstəxanaları ən güclüdür. Onlar bahalı xəstəxanalar siyahısındadır, lakin orada dəfələrlə ucuz və yenədə pis xidmət göstərməyən xəstəxanalar var. Onların bahalı olmasının səbəbinə aydınlıq gətirim. Bir yerdə 10 neonatoloji xəstəyə bir tibb bacısı baxır, amma dünya standartları deyir ki, 2-3 neonatoloji xəstəyə bir tibb bacısı baxmalıdır. Bizdə gecədə 14, bəzən 17-ə yaxın tibb bacısı qalır. Bunların maaşları, növbə pulları var. Qaydalara görə hər küvezin yanında dezenfektant durmalıdır. Bahalı avadanlıq tez-tez xarab olur, onu təmir etmək lazımdır. Yaxşı tibbi personal tutmaq üçün maaşların yüksək olması vacibdir. Ucuz dərmanlar da istifadə edilə bilər, ancaq əgər xəstənin sağlamlığı üçün bahalı dərman lazımdırsa ondan qaçmaq olmaz. Bunların hamısını düzgün etmək üçün böyük maddi vəsait lazımdır. Ümumdünya keyfiyyət kriteriyalarına uyğun xəstəxananı dizayn etmək üçün bir çox şərtlər yerinə yetirilməlidir. Bəzi xəstəxanalar buna uygun işləyir və markalaşır. Təbii olaraq qiymətləri bu şərtləri daşımayan xəstəxanalara görə dəfələrlə daha bahalı olur. Bu cür xəstəxanalara “A”klas xəstəxana adı verilir. Yəni xəstəxanaları maddi tərəfdən müqayisə etdikdə mütləq bu kimi faktorlar nəzərdə tutulmalıdır. Şəxsi fikrimə görə sığorta sistemi olsaydı, bu dediyiniz şikayətlər də olmazdı. Çünki hər şey sonda maddiyata dayanır. Bu günə qədər çox şikayət olub. Amma tibbi olaraq ortaya nəsə qoyan olmayıb. Neonatologiya şöbəsi olaraq vicdanımız Allah və hüquq qarşısında təmizdir.

– Bəzi həkimlərimiz oxumaq istəmir və oxumur. Bu onların köhnə biliklərinə arxayanlıqlarından irəli gəlirmi?

– Birinci növbədə onu deyim ki, ölkəmizdə yuxarıda da qeyd etdiyim kimi çox savadlı həkim kadrlarımız kifayətdir. Başda baş neonatoloqumuz olmaqla bir çox neonatoloqun səyi nəticəsində ölkəmizdə çox gözəl tərtib edilmiş dövlət protokolları var. Bu çox təqdirə layiqdir. Kaş ki, bütün neonatoloqlarımız bu protokolları oxusa və iş praktikasında istifadə etsə. Misal üçün bəzən poliklinikalar və ya başqa yerlərdən zəng edib verdiğimiz mualicə ilə əlaqəli irad tuturlar, onlara bu protokolları göstərirəm. Bəzən Türkiyədən gəldiyimi və orada olanları burada tətbiq etdiyimi deyirlər. Mən isə cavab olaraq deyirəm ki, bu müalicə ölkəmizdə yazılmış protokola uygun olaraq aparılıb. Biz neynəyək ki, hər hansı tibb işçisi və ya həkim bunları oxumayıb. Oxumaq hər gün və davamlı olmalıdır. Yeni internet dövründə bütün kitablar və protokollar tapılır, köhnədə olduğu kimi artıq kitabxanalara üz tutmağa da ehtiyac qalmayıb. Yetər ki, istək və maraq olsun. Hər həkim öz təhsilinə önəm verməlidir, daim inkişaf etməlidir. Bunun üçün muasir dövrdə daha çox şərait var.

İkinci növbədə ailələrin də marifləndirilməsi çox vacibdir. Bəzən televiziya və ya radioyaya çıxırıq. Bəziləri bəlkə reklam üçün etdiyimizi düşünür. Əslində isə tək məqsədimiz insanları bilgiləndirmək olub. Analar, atalar çox oxumalıdır. Doğum öncəsi analar çox məlumatlı olmalıdır ki, səhvlə düzgünü ayırd edə bilsin. Həkimin səhv və ya düz müalicə apardığını az çox ayırd edə bilsin. Analar həkimlərə haqlı iradları bildirəndə həkim də çəkinəcək, məcbur araşdıracaq və inkişaf edəcək.

– Bu problemin hələ də qalmasının səbəbi nədir?

– Yetərli qədər internetdə məlumatlar var. Lakin hər həkim vaxt ayırıb oxumaq istəmir. “Bu mənə kifayət edir” düşüncəsində olanlar da var. Bu yanlış təsəvvürdür. Bir həkimə heç vaxt yaraşdırmadığım şey “mən artıq hər şeyi bilirəm” deməsidir. Bəzən ailələr deyir ki, uşaqlara qoyulan timus və ya kəllədaxili tezyiq diaqnozunu niyə inkar edirsiniz? Əgər bir həkim timusun (bütün uşaqlarda olması lazım olan normal bir organdır!) problem olduğunu düşünürsə o zaman dünyaya da isbat etsin ki, bu belədir. Bunu edə bilmirsə, o zaman bu fikirləri səsləndirməsi ayıbdır. www.pubmed.com çox gözəl tibbi bir saytdır və orada ingilis dilində istənilən xəstəlik haqqında ən müasir elmi tədqiqatları, mualicə növlərini tapib oxumaq olar.

– Sizcə sizin işlədiyiniz xəstəxanaya və şəxsən sizə inam vaxt keçdikçə artırmı?

– Bu xəstəxanaya inam son vaxtlar çox artıb. Çox böyük sahibkarlar, məmurların uşaqları, nəvələri buradan gəlib keçir. Vaxtından əvvəl doğulmuş uşaq deyildikdə bəlkə Bakıda 1-2 xəstəxananın adı çəkilirsə onun içərisində Baku Medikal Plazanın neonatologiya şöbəsi də var. Əslində 2 ildə bu yaxşı nəticədir. Mən başlayanda burada aylıq doğum sayısı 150-200 arasında idi, artıq bu rəqəm 500-600-ə qədər qalxıb. Demək ki, insanlarda inam yaranıb. Bunu qazanmaq çox çətin oldu. Heç vaxt başqa xəstəxanalarla mübarizəyə keçmədim. Hər zaman özümlə mübarizə apardım. Şöbə müdirləri bir çox yerdə saat 10-11 gəlib, günorta 3-də gedir. Amma mən çox vaxt səhər tezdən axşam 7-ə qədər oluram, gecə problemli xəstə olanda yenədə gedirəm, yəni əslində gecə-gündüzümüz yoxdur. Baş həkimimiz də belədir. Qurduğun sistem çökməsin deyə idarə əlində olmalıdır. Burada bir kollektiv var. Ən uğurlu saydığım işim – bir birinin arxasınca danışmayan, bir-birinin ayağını qazımayan komanda yığmaq idi. Eyni sahədən 20 həkimin birlikdə, bir-birinin paxıllığını çəkmədən işləməsi bir çox yerdə yoxdur. Digər nailiyyətlərimi kənara qoyuram, bu, birinci uğurumdur. Mənə işimə görə dəyər versinlər, xəstəyə yanaşmama, hörmətimə görə, gülərüzlüyə görə, xəstələrlə ünsiyyətimə görə tanısınlar. Yoxsa yekəxanalıq, eqoma görə tanımasınlar. Mən də istəsəm dəhlizdə gəzəndə arxamda iki həkim, 4 tibb bacısı ilə keçirəm. Bu özünə inanmayan insanların taktikasıdır. Məsuliyyətli şöbə müdiri çox çətin işdir. Çünki bütün problemlərin həlli buradan gəlib keçir. Xadimədən tutmuş, tibb bacısının səhvinə, doğuş zalında istənməyən hadisələrin olmasina qədər hər şikayət bizə edilir. Üstəlik nə qədər xəstə poliklinik qəbulumuza düşmək istəyir. Həmişə reanimasiyada ağır uşaqlar olur. Yeməyimizi belə öz otağımızda yeyirik. Çalışıram ki, qapıdan çölə çıxmayım ki, xəstələr çox gözləməsin. Bəzən bəlkə xəstələr düşünür ki, nə vicdansız həkimdir çox gözlədir. Lakin bilsinlər ki, qapı ağzında çox xəstə gözləyəndə mən burada ciddi stresdə oluram. Bu ruh və bədən sağlığımızı pozur. Bu gözləmə mənim istəyimə bağlı deyil, çox işin eyni anda görülməsinə bağlıdır. Bir çox insan bütün bu çətinlikləri görmək istəmir. Və bunu istəməyən, paxıllıq edənlər var, qara piar edirlər. Lakin unudurlar ki, qara piar da bir reklamdır. Ailələr araşdırır və məlum olur ki onların dedikləri cəfəngiyyatdır. O zaman o ailələlər daha da bizə inanır. Sonunda bir həkimi ən yaxşı tanıma yolu onunla işləmiş, böyük ad qazanmış yaxşı həkimlərdən soruşmaqdır. İstər təhsil aldığımız universitetin müəllimləri olsun, istər işlədiyimiz böyük xəstəxanaların həkimləri olsun hər zaman bizim haqqımızda düzgün məlumat verə bilər.

– Əslində markanı yaratmısansa bunun da qiyməti olmalıdır. Məsələn, bahalıı brendi onun keyfiyyətinə görə alırıq. Demək, keyfiyyətli xidmət üçün qoyulan məbləğ də bu olmalıdır.

– Bəli, bahalı parça alıb, yaxşı dərziyə verəndə onun qiyməti baha olur. Bir çoxları düşünür ki, xəstəxanada bu qədər yatış var və çox pul qazanılır. Səmimi deyirəm ki, prestij, vicdan olmasa bu işləri (həqiqətən düzqün şəkildə) kim görəcək? Xəstəxananın bütün maliyyəti, maaşları, avadanlıq alınması və işlək vəziyətdə saxlanılması, reklam, binanın alınıb və təmir edilməsi, qaz, işıq, su, digər xərclər və onların maliyyəti çıxıldığı zaman əlində sonda az vəsait qalır. Ona görə də bir çox özəl klinikalar neonatologiya şöbəsini qurub böyütmək istəmir. Biz baş həkimlə danışanda bunları razılaşdırdıq. Baş həkimin türk olmasına baxmayaraq, ölkəmizə çox dəyər verən biridir. Maddiyatı ikinci tərəfə buraxıb, uşaqların sağlığını düşünür. Bəzən bizdən qaynaqlanan problemlər olanda deyir ki, hər zaman həmin uşağın arxasında duracayıq. Bunu hər insan etmir. Bu nöqtəyə gəlməyim tək mənim uğurum deyil. Vaxtından əvvəl doğulmuş uşaqların yaşama müvəffəqiyətin 70 faizi tibb bacılarının üzərindədir. Sən nə qədər yaxşı həkim olsan da tibb bacısı əlini təmizləməsə uşaq sepsis olar. Ona görə də tibb bacılarımıza yaxşı baxırıq. Hamilə qadınlar xəstəxana seçərkən bir çox faktorlara diqqət etməlidir, əsas da neonatologiya şöbəsinə nəzər yetirilməlidir. Oradakı bütün sistemi araşdırıb sonra qərar verilməlidir. Bəzən seçilən yerdə yaxşı ginekoloq olar, neonatoloq pis olar və ya pis ginekoloq və yaxşı neonatoloq olar. Hər iki xidmətin üst səviyyədə olduğu xəstəxananı tapmaq lazımdır.
Xanımlara mesajım odur ki, oxuyun, bilikli və savadlı olun. Oxuduğunuz zaman qeyri-professiyonal saytları oxumayın. Orada savadlı, savadsız hər kəs ağlına gələni yazır. Müxtəlif ölkələrin səhiyyə ilə bağlı saytları var. Ümümdünya səhiyyə təşkilatın saytı var. Ciddi elmi jurnallar var. Ailələr bunu oxumağa başlasa, bilikləri artsa, həkimlər də məcbur olub oxuyacaq.
Azərbaycan dilində tibbi kitab sayısı çox azdır. Öz vətəndaşlarımız öz dilində muasir təhsildən uzaq qalırlar. İngilis, rus, türk dillərində kitablar Azərbaycan dilinə tərcümə edilsə, Tibb Universitetində tədris edilsə, köhnə Sovet dövrünün kitabları deyil də, yeni kitablar oxunsa, əmin olun ki, həkimlərimiz daha çox xəstənin sağalmasında rol oynayacaq və səhiyyəmiz dünya standartlarına çatacaq. Mən həmişə deyirəm ki, ölkəmizdə çox istedadlı insanlar var, onlara lazımlı dəstək verilsə, çox qısa müddətdə böyük nailiyyətlər əldə edilər.

-Həkimlər tərəfindən qoyulan səhv diaqnozlar barədə danışdınız. Onlar bunu hansı səbəblər və ya nəyə əsasən edirlər?

– Bir misal çəkim, peyvəndləri Azərbaycanda yayda təxirə salırlar və vurmurlar. Türkiyədə belə bir şey yox idi, bura qayıdandan sonra bunu eşitdim. Bunu müayinəyə keçən hər bir ana məndən soruşur. Türkiyədən hətta mənə zəng edib bildirlər ki, bura gələn azərbaycanlılar yayda peyvənd vurdumur. Bəlkə orada elmi tədqiqat aparılıb, dünya bunu bilmir. Ən qaynar ölkələrdə belə 40 dərəcədə uşaqlara peyvənd vurulur. İki ildir burdayam və bunun əsasını tapa bilmirəm. Hansı elmi məqalədə bu yazılıb? Hansı pediatriya kitabinda yazılıb? Bunun yəqin ki, elmi olmayan bəzi səbəbləri var, ama həkimin bunu dilə gətirməsi birmənalı səhvdir. Çünkü onlara qulaq asıb ailələr yayda peyvənd etməkdən imtina edir, bu isə o uşaqların sağlamlıqlarını ciddi mənada risk altına alır. Həmçinin anemiya, ürək qusur, nevroloji uşaq, timus varlığı, allergiya, vaxtından əvvəl doğulmaq və s. kimi mənasız diaqnozlarla peyvendlər təxirə salınır. Sonra bəzi uşaqlar yoluxucu xəstəliklərə tutulanda ailə və uşaqlar çox əziyyət çəkir. Bunun üçün ümümdünya peyvənd təxirə salma əsasları hər kəs tərəfindən bilinməlidir. Səhv əks göstəriş ilə qətiyyən təxirə salınmamalıdır. Biz Baku Medical Plaza Pediatriya ailəsi olaraq bununla ciddi mübarizə aparırıq. Ailələri maarifləndiririk.

Və ya uşaqlara ən çox qoyulan kəllədaxili təzyiq diaqnozu… Bu əslində çox ağır diaqnozdur. Altında ciddi səbəblər yatır və olduqca nadir görülür. Həkim bu diaqnozu qoyub uşağı xəstəxanaya yatırmırsa, ya bu işi bilmir, ya da vicdansız davranır. Bu diaqnoz təcili qarşısı alınmazsa ölümcüldür. Əmgəyi açıq olan uşaqda isə təzyiq qalxsa əmgək şişər və onu qoruyar. Bəzən uşaqlar gəlir ki, əmgək düz, lakin ona kəllədaxili təzyiq dianqozu qoyulub (səbəb olaraq uşaqlarda tamamilə normal sayılan gözlərdə bərəlmə, dilin tez tez bayıra çıxarılması, çənəsinin titrəməsi, narahat yatması, əmgəyin kiçik olması kimi şikayətləri göstərilir) və bütün peyvəndlərdən imtina yazılıb. Daha da pisi mualicə üçün dərmanlar da yazılır. Bu isə uşaqlarda inkişafdan geri qalmasına və fəsadların yaranmasına səbəb olur (fenobarbital tərkibli dərmanlar bu siyahıda ən çox zərər verənlərdir). Bəzən timus, disbakterioz, anemiya, kalsi çatışmamazlığı diaqnozları ilə dəfələrlə müalicə aldıqdan sonra bizə müraciət etmiş xəstələr olur. Xəstədə tamamiylə başqa xəstəlik çıxır və səhv diaqnozlarla gecikilmiş olur. Səbəbi isə bütün xəstələri əzbərlənmiş bəzi ümümi “diaqnozlar” altında cəmləşdirmək olur. Bu diaqnozlar qoyulduqda əsas diaqnoz araşdırmaya ehtiyac qalmır, ailə evə razı gedir. Əslində isə əsl xəstəlik irələyir və ciddi fəsadlara səbəb olur. Sovet tibbində yayqın istifadə edilən bir neçə diaqnoz var ki, onları xüsusilə uşaqlara qoyanda çox diqqət yetirmək lazımdır. Çünkü bu diaqnozlar ya “beynalxalq xəstəliklər təsnifatında” yoxdur, ya da varsa əlamətləri və şikayətləri tamamilə fərqli olur.

Misal üçün xırıltısı olan uşaqda timusun tapılması… Əslində hər yeni doğulmuş uşaqda timus olmalıdır. O immun hüceyrələrinin formalaşdığı yerdir. Timusun olmaması ciddi problemdir və çox vaxt ölümcüldür. Timusun varlığı və ya böyüklüyü səbəbilə uşaqların peyvəndləri təxirə salınmamalıdır və timusun böyüklüyü uşaqlarda xırıltıya səbəb olmaz. Xırıltı başqa səbəbdən olur, amma səbəbi ya araşdırılmır ya da səhv mualicə verilir.
Bu və digər səhv diaqnozların qoyulmasının əsas səbəbi məncə müasir elmi tədqiqatların oxunmaması, elmi yeniləklərə açıq olmaması, uzun illər boyunca eyni kitablardan faydalanması və ciddi nəzərətin olmamasıdır. Əslində inkişaf etmiş bütün ölkələrdə həkimlər rəqabət etmək üçün məcbur olub ən son qaynaqlardan oxuyub inkişaf edir. Bizim ölkədə də son vaxtlarda xaricdə oxuyan gənc həkimlərin ölkəyə qayıtması ilə çox müsbət dinamika müşahidə olunur. Daha çox elmi konfranslar və iclaslar təşkil olunur. Sübutlu təbabət gedərək yayılır. Artıq muasir həkim “mən belə bilirəm, bu da düzdür” fikrindən əl çəkib “dünya elmi bunu sübüt etdiyi üçün mən bu cür etməliyəm” fikrinə üstünlük verir.

– Son olaraq oxucularımıza nə demək istəyərdiz?

– Birincisi heç kim xəstəni özəl xəstəxanaya getməyə məcbur etmir. Dövlət xəstəxanalarımız da xalqımıza xidmət göstərir. Özəl xəstəxananın işinə uğurla davam etməsi üçün maddi vəsait lazımdır və burada qiymətlərin tənzimlənməsi orada işləyən həkimlərdən asılı deyildir. Hər hansı bir xəstəxanada qiymət bahalılığı varsa bilinməlidir ki, buna obyektiv səbəblər var. Əksi halda eyni xəstəxanada ya keyfiyyət düşməlidir, ya da o xəstəxana bağlanmalıdır. Hər iki hadisə də xalqımızın zərərinədir.
İkincisi özəl xəstəxanalar çoxunun düşündüyü kimi ancaq maddi maraq güdmür. Burada çox vaxt öz ölkəsini sevən, savadlı, istedadlı, xəstələrə şəfa vermək üçün gecə və gündüz işləyən tibbi personal var. Çox vaxt ailələrin vəziyyəti nəzərə alınaraq endirimlər də edilir, bəzi xidmətlər pulsuz göstərilir. Çox riskli xəstələr qəbul edilir və sağlam vəziyyətdə evə yazılır. Burada ciddi əmək sərf olunur, ən müasir avadanlıq istifadə edilir. Bahalılıq səbəbilə xəstəxananı pisləmədən əvvəl bu nəzərdə tutulmalıdır.
Üçüncüsü həkim və xəstəxana seçərkən çox diqqət etmək lazımdır. Təhsilə, iş təcrübəsinə, baxdığı ağır xəstələrin rəylərinə və işlədiyi qurumun ciddiyətinə baxmaqda fayda var. Sosial şəbəkələrdə çox vaxt əsassız ittihamlar və qara piar rəqabət edən qurum və insanlar tərəfindən yazdırıldığı unutulmamalıdır. Hər vaxt obyektiv rəyə əsaslanıb qərar verilməlidir.

Dördüncüsü hər doğumu olan xəstəxanada neonatoloji xidmət eyni səviyyədə deyil. Nəzərə alınmalıdır ki, dünyanın ən yaxşı ginekolqu olsa da, hamilələk super keçsə də, xəstəxana şəraiti əla olsa da uşaq ciddi sağlıq problemləri ilə doğula bilər. Bu uşaqlar üçün ilk dəqiqələr çox vacibdir və adekvat, düzgün xidmət onlara verilmədikdə ya tələf olur ya da qüsurlu yaşayırlar. Çox vaxt xəstəxanadan başqa xəstəxanaya köcürmək çox riskli olduğu üçün doğum üçün xəstəxana seçmək üçün çox diqqət edilməlidir. Maddi və mənəvi olaraq bu prosesi nəzərdə tutmaq, buna hazır olmaq doğum sonrasında ola biləcək problemlərə daha düzgün yanaşmaya kömək edir.
Beşincisi müasir vasitələrdən istifadə edib maariflənməyə önəm verilməlidir. Valideynlər nə qədər yaxşı bilsə biz həkimlərin işi də bir o qədər asan olur.
Son olaraq bu müsahibəni aldığınız üçün və bizim mövgemizi xalqımıza düzgün çatdırmağa çalışdığınız üçün sizlərə minnətdaram. Biz Baku Medical Plaza Pediatriya şöbəsi olaraq daima sağlığınızın qayğısında durmağa hazırıq. Ümid edirəm ki, verilən məlumatlar faydalı olacaqdır.

Mənbə: www.bmp.az

Pediatriya Poliklinikası

Biz, Baku Medical Plaza Uşaq Sağlamlıq Mərkəzinin tibbi personalı, bizlərə əmanət etdiyiniz uşaqlarınıza öz doğmalarımız kimi baxırıq. İnanırıq ki, hər körpənin sağlam yaşama və böyümə haqqı var və bizim işimiz bunu təmin etməkdir.

Back To Top