Baku Medical Plaza, Uşaq Sağlamlıq Mərkəzi
(012) 909 bmp@pediatriya.com.az Uşaq Sağlamlıq Mərkəzi
Erkin Rəhimov

Uzm. Dr. Erkin Rəhimov

Pediatriya və neonatologiya, Yenidoğulmuşların reanimasiyası şöbələrinin müdiri

Hörmətli valideynlər,

İlk növbədə nəzərinizə çatdırırıq ki, biz, Baku Medical Plaza Uşaq Sağlamlıq Mərkəzinin tibbi personalı, bizlərə əmanət etdiyiniz uşaqlarınıza öz doğmalarımız kimi baxırıq. İnanırıq ki, hər körpənin sağlam yaşama və böyümə haqqı var və bizim işimiz bunu təmin etməkdir.

Biz kollektivimizin tibbi personal seçimində, hər bir namizədi ilk növbədə tibbi savadına və uşaqlara olan münasibətinə diqqət yetirərək seçmişik. Körpələriniz doğum anından başlayaraq böyüyənə qədər bizim nəzarətimizdədir. Bu şərəfli vəzifənin əhəmiyyətini anlayaraq, hər zaman daha da inkişaf etməyə və yeni mütəxəssisləri kollektivimizə qatmağa çalışırıq.

Körpələrin sağlamlıqlarını qorumaq siz dəyərli valideynlərin əlindədir. Nəzərinizə çatdırırıq ki, həkim seçimində şəxsin tibbi savadına, iş təcrübəsinə, son elmi tətqiqatlardan və müasir müalicə üsullarından xəbərdar olmasına, həmçinin müalicə nəticələrinə diqqət yetirmək vacibdir. Biz klinikamızın pediatriya şöbəsini bu prinsipləri əsas tutaraq qurmuşuq. Saytımızda həkimlərimiz haqqında ətraflı məlumat ala bilərsiniz. Bundan başqa saytımızda bir çox xəstəliklər barəsində həkimlərimizin yazdığı məqalələri də oxuya bilərsiniz.

Uşaq Sağlamlıq Mərkəzimiz üç sahə üzrə fəaliyyət göstərir:

Neonatologiya:

Neonatoloji şöbəmiz sağlam körpələrin qayğısına qalmaqla bərabər, ən ağır vəziyyətdə, vaxtından əvvəl doğulmuş (ekstremal az çəkili körpələr daxil) xəstələrə ən yüksək səviyyədə xidmət göstərir. Bunun üçün ən müasir avadanlıq, uzun illərin təcrübəsi və bu iş üzrə yetişdirilmiş mütəxəssis həkimlərə sahibik.

Bu şöbədə aparılan bir çox müalicə növləri (hipoksik doğulmuş xəstələrə tətbiq olunan bədən hipotermiyası, ağır tənəffüs çatışmazlığında istifadə edilən yüksək frekanslı ossilasiya, yeni doğulmuş, sarılığı olan xəstələrə verilən tunel tipli fototerapiya və s.) ölkəmizdə ilk dəfədir ki, tətbiq edilir.

Bununla yanaşı yeni doğulmuş, lakin ağır vəziyyətdə olan körpələrin, zəruri hallarda, mütəxəssis neonatoloqlar tərəfindən, xəstəxanalar arasında, süni tənəffüs aparatı ilə təchiz edilmiş transport kuvöz ilə daşınması da həyata keçirilir.

Poliklinika və pediatrik təcili yardım:

Bizdə doğulmuş bütün körpələr ilk müayinə üçün poliklinikamızdakı pediatr həkimlərə gəlir. Bütün lazımlı müayinələr aparılır, ehtiyac olarsa uşaq cərrahı, uşaq nevropatoloqu, uşaq psixiatrı, uşaq kardioloqu və başqalarından konsultasiyalar istənilir. Avropadan gətirilən və xüsusi şəraitdə saxlanılan peyvəndlər (məcburi və istəyə bağlı olaraq) uyğun görülmüş pasientlərimizə, xüsusi bir otaqda, bu sahə üzrə yetişdirilmiş tibb bacıları tərəfindən vurulur. Poliklinik şöbəmizdə uşaqlardan qan alınması və körpələrin ana südüylə rahat qidalanmaları üçün xüsusi otaqlar təşkil edilib. Təcili halları nəzərə alaraq, həftənin hər günü, 24 saat olmaqla klinikamızda mütəxəssis pediatr və neonatoloq həkimlər xidmət göstərir. Sizlərin rahatlığı üçün kassa və qeydiyyat eyni yerdə təşkil edilib.

Pediatriya stasionarı:

Xəstəxanada yataraq müalicə olunan xəstələrimiz üçün geniş və aydın otaqları, hər cür şəraiti olan, sanitar qaydalara ciddi riayət edilən stasionar şöbəmiz fəaliyyət göstərir. Biz hər cür xəstələri ən yüksək səviyyədə tibbi xidmətlə təmin etmək imkanına sahibik. Uşaqlarınız bu şöbədə, hər zaman həkim və tibb bacısı nəzarətində olacaq.

Biz bu müalicə yeniliklərini ölkəmizə gətirməyin və sizin xidmətinizə verməyin sevincini yaşayırıq. Ümid edirik ki, xidmətlərimizdən məmnun qalacaqsınız.