skip to Main Content
Baku Medical Plaza, Uşaq Sağlamlıq Mərkəzi
(012) 909 bmp@pediatriya.com.az Uşaq Sağlamlıq Mərkəzi
Hipospadiya (Peyğəmbər Sünnəti)

Hipospadiya (Peyğəmbər sünnəti)

HİPOSPADİYA NƏDİR?

 Xalq arasında peyğəmbər sünnəti adı ilə tanınan hipospadiya anadangəlmə bir anomaliya olub, adətən, üç əsas elementi vardır.

  1. Uşağın sidik ifraz etdiyi dəlik cinsiyyət orqanının ucunda yerləşməli olduğu halda, daha aşağıda yerləşir. Bu dəlik həmin normal yerləşmə yerindən bir qədər aşağıda yerləşə bildiyi kimi, cinsiyyət orqanının xayalıqlara bitişmə yerinədək olmaqla, alt tərəfdən istənilən yerdə də təsadüf edə bilər.

  2. Bununla yanaşı, penisdə önə və ya yana doğru nəzərə çarpacaq dərəcədə əyrilik olur (kordiya).

  3. Həmçinin, penisin arxa tərəfində sünnət dərisi artıq miqdarda olub, örtük əmələ gətirsə də, ön tərəfdə demək olar ki, olmur (yarım sünnətli).

Hipospadiya əhali arasında, adətən, 1-2% tezlikdə rast gəlinir. Bu tezlik, süni mayalandırma vasitəsilə dünyaya gətirilən uşaqlarda bir qədər daha artıq olur. Hipospadiyanın başverməsində yaxın ailə üzvlərində bu anomaliyanın olması (ata, qardaşlar), hamiləlik zamanı bəzi gübrələr və həşəratəleyhinə dərmanlarla yaxın təmas, hamiləlik ərzində dietilstilbestrolun təsirinə məruzqalma kimi səbəblər misal gətirilir.

HİPOSPADİYA BAŞQA POZĞUNLUQLARLA MÜŞAYİƏT OLUNA BİLƏRMİ?

Hipospadiya ilə yanaşı rast gəlinən pozğunluqlardan ən çox müşahidə ediləni xayanın enməməsi və qasıq yırtığıdır. 10-15% hallarda, xüsusilə ürogenital sistemə aid yanaşı anomaliya gözlənilə bilər. Bu səbəblə də, hipospadiya diaqnozu qoyulmuş uşaqlarda mütləq sidik sisteminin ultrasəs müayinəsi aparılmalıdır.

HİPOSPADİYA DİAQNOZU NECƏ QOYULUR?

Hipospadiya əslində diaqnostikası çox asan, lakin, müalicəsi özünəməxsus bir patologiyadır. Ailə uşağın penisindəki pozğunluğu gördükdə, vaxt itirmədən bir uşaq cərrahına və ya uşaq cərrahiyyə mərkəzinə müraciət etməlidir. Hipospadiya zamanı nadirən sünnət dərisi normal formada ola bilər. Belə halda, yalnız sünnət dərisi geri çəkildikdən sonra diaqnoz qoymaq mümkündür. Körpə uşaqlarda sünnət dərisi yapışıq olduğu üçün, onun geri çəkilməsi çətin, ağrılı və təhlükəlidir. Bu səbəbdən də, bəzi xəstələrdə diaqnoz sünnət əməliyyatı zamanı qoyulur.

HİPOSPADİYANIN MÜALİCƏSİ NECƏ APARILIR?

Hipospadiya oğlan uşaqlarının gələcək cinsi və psixoloji həyatına təsir edə bilən ciddi bir pozğunluq olduğu üçün, mütləq cərrahi müdaxilə vasitəsilə aradan qaldırılmalıdır. Bunun üçün, uşağın penisində yarımsünnətli görünüşün fərqinə varan ailə vaxt itirmədən uşağını bir uşaq cərrahına göstərməlidir. Bundan əlavə, burada, çox vacib bir məsələ də belə uşaqların qətiyyən sünnət etdirilməməsidir. Çünki, sünnət dərisi penisin altındakı dəliyin normal yerləşmə yerinə doğru sürüşdürülməsində istifadə edilir. Sünnət dərisi əməliyyat üçün lazımlıdır. Hipospadiya əməliyyatı məlum metodların tətbiqilə uşaq cərrahiyyəsi mütəxəssisləri tərəfindən penis dəliyinin normal yerinə çıxardılması, penisdəki əyriliyin korreksiyası və penisin normal görünüşə gətirilməsindən ibarət olan bir əməliyyatdır. Hipospadiya əməliyyatları 15-20 il əvvəllədək 2-3 mərhələli əməlliyyat şəklində aparılırdı. Hazırda isə, bu müdaxilə əksərən birdəfəlik əməliyyat şəklində həyata keçirilə bilir. Bəzi hallarda ikimərhələli müdaxilə və ya əməliyyatdan sonrakı dövrdə gözlənilən fəsadlaşmalarla (onların tezliyi aşağı olub, 10%-dək təşkil edir) əlaqədar ikinci korreksiya əməliyyatı tələb oluna bilər. Bu kimi hallarda ikinci müdaxilənin birincidən 3-6 ay sonra aparılması tövsiyə edilir.

CƏRRAHİ MÜDAXİLƏ NƏ ZAMAN APARILMALIDIR?

Ən vacib məsələ əməliyyat yaşının müəyyən edilməsidir. Uşaqlarda qalıcı psixoloji təsirlərin olmaması üçün əməliyyatın 1.5 yaşınadək aparılması əhəmiyyətlidir. Bəzi vəziyyətlərdə ikinci əməliyyatın tələb oluna biləcəyi də nəzərə alınarsa, 6-15 aylıq dövr əməliyyat üçün ideal zaman olaraq qəbul edilir. Bəzən penis və sünnət dərisi kiçik, çox yetərsiz və qan təchizatı zəif ola bilər. Bu kimi hallarda penisin və əməliyyat üçün istifadə ediləcək toxumanın, yəni, dərinin inkişaf etməsi üçün əməliyyat öncəsi dövrdə testosteron kremləri və iynələrinin istifadə edilməsi lazım olabilər.

HİPOSPADİYASI OLAN UŞAĞIN VALİDEYNLƏRİNİN BİLMƏLİ OLDUĞU MƏQAMLAR NƏLƏRDİR?

  • Penisin arxa hissəsindəki artıq hesab edilən dəri hipospadiyanın müalicəsində cərrahi əməliyyatda istifadə edildiyinə görə, körpənin əməliyyatdan əvvəl sünnət etdirilməsinə qətiyyən yol verilməməlidir;

  • Bu tip anomaliyalar zamanı cərrahi müalicədən sonra uşağın penisi normal görünüş alır, sidik ifrazı və cinsi funksiya baxımından əhəmiyyətli bir problem gözlənilmir;

  • Hipospadiyanın aradan qaldırılması zamanı sünnət də eyni anda aparılır.

Uzm. Dr. Aqil Abilov

Ürək xarici toraks cərrahiyyəsi, onkoloji cərrahiyyə, mədə-bağırsaq sisteminin cərrahiyyəsi, uşaq ginekologiyası, uşaq urologiyası, diaqnostik və müdaxiləli endoskopik tətbiqlər, laparoskopik və torakoskopik cərrahiyyə, travma cərrahiyyəsi məşğul olduğumuz başlıca sahələrdir. İş prinsipimiz uşaq üçün ən rahat, ağrısız və onun psixoloji inkişafına zərər verməyəcək şəkildə çalışmaqdır.

Back To Top