skip to Main Content
Baku Medical Plaza, Uşaq Sağlamlıq Mərkəzi
(012) 909 bmp@pediatriya.com.az Uşaq Sağlamlıq Mərkəzi
Kriptorxizm, Ya Da Enməmiş Xaya

Kriptorxizm, ya da enməmiş xaya

Xayanın enməməsi nədir?

Kriptorxizm – oğlan uşaqlarında xayaların normal yerləşmə yerində, yəni, xayalığın içərisində olmamasından ibarətdir. Bu hal bəzən bir, bəzən isə hər iki xayada rast gəlinə bilər. Xəstənin xayalığında tapılmayan xaya bəzən qasıq kanalında, bəzən isə daha yuxarıda, qarın boşluğunda yerləşə bilər. Xayanın qasığa enməsi bu nahiyədə şişkinlik şəklində rast gəlinir. Ailələr özləri uşağın xayalarının xayalıqda olmadığını müşahidə edərək və ya qasıqda şişkinlik şikayəti ilə həkimə müraciət edirlər.

Kriptorxizm nə səbəbdən olur və müalicəsi tələb olunurmu?

Xayanın enməməsi anadangəlmə olub, xayaların körpə hələ ana bətnində ikən xayalığa düşməməsi və ya düşməsinin ləngiməsi ilə əlaqədar meydana çıxır. Enməmiş xaya 1 yaşından etibarən əməliyyatla aradan qaldırılmalıdır. Əməliyyat yaşının 1.5 yaşını keçməməsi ən məqsədəuyğun hal sayılır. Bu müddətin uzanması uşağın xayasının funksionallığını itirməsinə səbəb ola bilər. Hətta xayanın qarın boşluğunda qalmasının gələcəkdə xərçəng riskinə təkan verdiyi də məlumdur. Enməmiş xayası olan uşaqların bir qismində qasıq yırtığı da olur. Əgər qasıq yırtığı həyatın erkən aylarında problem yaradarsa, enməmiş xaya əməliyyatını 1 yaşdan əvvəl, hətta təcili aparmaq tələb oluna bilər.

Qısa ifadə edilərsə, enməmiş xayanın

  • dölsüzlük,

  • xayanın zədələnməsi,

  • damarlarının öz ətrafında fırlanaraq (torsiya) qanqrenaya səbəb olması

  • gələcəkdə xərçəngə başlanğıc verməsi kimi həyat üçün əhəmiyyətli təsirləri vardır.

  • Bunlara qeyd edilən halın xəstədə səbəb olacağı psixoloji təsiri də əlavə etmək lazımdır.

Diaqnozu necə qoyulur?

Kriptorxizm diaqnostikası bir uşaq cərrahı tərəfindən xəstənin qasıq nahiyəsi və xayalığının müayinəsi vasitəsilə aparılır. Xəstənin müayinəsi zamanı əlləməklə xayanı tapmaq qətiyyən mümkün olmazsa, endirmə əməliyyatı əsnasında işıqlı boru vasitəsilə qarın boşluğu gözdən keçirilir (qapalı metod – laparoskopiya). Beləliklə, əməliyyat zamanı diaqnoz dəqiqləşir və əməliyyat da uyğun şəkildə həyata keçirilir.

Enməmiş xayanın müalicəsi necə aparılmalıdır?

Enməmiş xayalar cərrahi yolla müalicə edilir. Bəzi çox özünəməxsus vəziyyətlərdə hormonal müalicə də təyin edilir. Müayinə nəticəsində enməmiş xaya diaqnozu qoyulan xəstələrdə əvvəlcə əməliyyat üçün tələb olunan müayinələr aparılır. Anesteziya şəraitində müayinələr aparıldıqdan sonra əməliyyat üçün əks-göstəriş olmadığı müəyyən edildikdən sonra əməliyyat tarixi təyin olunur.

Əməliyyat günü nə edilməlidir?

Əməliyyat günü səhər xəstəyə əməliyyatdan 4 saat öncədən başlamaqla ağızdan qatı və duru qidalar verilməməlidir. Əməliyyat qabağı son müayinə aparıldıqdan sonra xəstə əməliyyat otağına alınır. Əməliyyat, steril şəraitdə, anesteziya altında, uşağın heç bir ağrı hiss etmədiyi şəraitdə aparılır. Əməliyyatdan sonra xəstə qısa bir müddət gözləmə otağı deyilən bir otaqda həkim-anestezioloqun nəzarəti altında izlənilir. 2 saat sonra qida verilən xəstə heç bir problemi yoxsa, ağrıkəsici sirop və ya şam verilərək evə yazılır və 3 gün sonra poliklinika müayinəsinə gəlməsi tapşırılır.

Əməliyyatdan sonrakı kontrol müayinələr necə olmalıdır?

 Əməliyyat olunan uşağın qasıq nahiyəsində və ya xayalığının alt tərəfində kiçik bir tənzif tampon olur. Bu tamponun nəcis və sidiklə mümkün qədər az çirklənməsinə diqqət edilməlidir. Buna görə də, əgər uşağa bez istifadə edilirsə, bezin tez-tez dəyişdirilməsi tələb olunur. Xəstənın üçüncü gün aparılan kontrol müayinəsində həmin tamponlar çıxarılır. Tikişlər içəridən ve özözünə əriyən olduğına görə, tikişin çıxarılması zərurəti də olmur. Bundan sonra xəstə 3-cü həftə və 3-cü ayda kontrol müayinəyə çağrılır və izlənilir.

*Testis – enməmiş kişi yumurtası

Uzm. Dr. Aqil Abilov

Ürək xarici toraks cərrahiyyəsi, onkoloji cərrahiyyə, mədə-bağırsaq sisteminin cərrahiyyəsi, uşaq ginekologiyası, uşaq urologiyası, diaqnostik və müdaxiləli endoskopik tətbiqlər, laparoskopik və torakoskopik cərrahiyyə, travma cərrahiyyəsi məşğul olduğumuz başlıca sahələrdir. İş prinsipimiz uşaq üçün ən rahat, ağrısız və onun psixoloji inkişafına zərər verməyəcək şəkildə çalışmaqdır.

Back To Top