skip to Main Content
Baku Medical Plaza, Uşaq Sağlamlıq Mərkəzi
(012) 909 bmp@pediatriya.com.az Uşaq Sağlamlıq Mərkəzi
Qasıq Yırtığı Ilə Hidroselenin Fərqi

Qasıq yırtığı ilə Hidroselenin fərqi

Qasıq yırtığı nədir?

Qasıq yırtığı, normada qarın boşluğunda yerləşən bağırsaqların və ya qızlarda yumurtalıqlar kimi daxil orqanların açıq qalmış bir kisədən qasığa düşməsi və burada şişkinlik formasında aşkarlanmasından ibarətdir. Qasıq yırtığı zaman keçdikcə aradan qalxmayıb, əksinə, proqressivləşir.

Hidrosele nədir?

Qasıq yırtığına analoji olaraq, oğlan uşaqlarında qarın boşluğundakı mayenin xayalıqlara enərək burada şişkinlik əmələ gətirməsinə tibbi dildə hidrosele deyilir. Yenidoğulmuşluq dövründə bu halın rast gəlinməsi normaldır və körpə 6 aylıq olanadək hidroselenin böyüyüb-kiçilməsi baxımından ailə tərəfindən izlənilir. Bu arada uşaq 1-2 aylıq intervallarla uşaq cərrahının da nəzarəti altında olmalıdır. Çünki, bəzi hallarda, hidroselenin arxasından bağırsaqlar da xayalığa düşərək yırtıq əmələ gətirə bilərlər. Hidrosele halları bəzən 1-2 yaşadək öz-özünə aradan qalxır, bir qisim hallarda isə cərrahi müdaxilə tələb olunur.

Yırtıq hansı səbəbdən meydana çıxır və müalicəsi mütləqdirmi?

Yırtıq və hidroseleyə səbəb bətndaxili dövrdə mövcud olan və doğulduqdan sonra qapanmalı olan bir kisənin açıq qalması və bu səbəbdən də, qarın boşluğu orqanları və ya mayesinin bu kisə içərisindən keçərək qasığa və ya xayalıqlara doğru yerdəyişməsidir. Bu kisə öz-özünə qapanmır və yeganə müalicə yolu cərrahi müdaxilə vasitəsilədir.

Yırtığın boğulması nə deməkdir?

Xalq arasında boğulmuş yırtıq adı ilə tanınan vəziyyətlərdə yırtıq kisəsi içərisində qalan orqanların qan təchizatı və qidalanması düzgün müdaxilə aparılmazsa bir neçə saat içərisində pozulur və çürümə baş verə bilir. Gecikmə olarsa, həm həyati təhlükə yaranır, həm də orqanların nekrozlaşmış hissələrini kəsib-çıxarmaq lazım gəlir. Bu da, lazımsiz yerə artmış bir riskə səbəb olur.

Qasıq yırtığı olan bir uşaq qəfildən narahat olmağa başlayar, ayaqlarını qarnına doğru yığaraq ağlayar, sarı-yaşıl rəngli qusuntusu olar və nəcis ifraz etməzsə, bu, yırtığın boğulduğu şübhəsinə yol açmalıdır. Belə halda, əvvəllər asanlıqla yırtıqdan yerinə qayıdan orqanlar artıq yerinə qayıtmır. Üzərində şişkinlik yaranır və tünd çəhrayı rəng alır. Bu kimi hallarda vaxt itirmədən təcili uşaq cərrahına müraciət edilməlidir.

Diaqnostikası necə aparılır?

Diaqnostika xəstənin qasıq nahiyəsi və xayalıqların müayinəsilə aparılır. Uşaq ağlarkən şişkinlik meydana çıxar və uzanıqlı vəziyyətə keçdikdə və ya sakitləşdikdə bu şişkinlik keçərsə, diaqnoz dəqiqləşir.

Müalicəsi necə olmalıdır?

Qasıq yırtığında mümkün qədər tez bir zamanda əməliyyat aparılmalıdır. Çünki, xayalıqlara və ya qasığa enmiş bağırsaqlar burada sıxılaraq, boğula bilər. Hidrosele zamanı isə xəstə 2 yaşına qədər 2 aylıq intervallarla izlənməli və ehtiyac yaranarsa əməliyyat aparılmalıdır. Əməliyyatdan 2 saat sonra qida verilən xəstə, hər hansı problem olmazsa, evə yazılır.

Uzm. Dr. Aqil Abilov

Ürək xarici toraks cərrahiyyəsi, onkoloji cərrahiyyə, mədə-bağırsaq sisteminin cərrahiyyəsi, uşaq ginekologiyası, uşaq urologiyası, diaqnostik və müdaxiləli endoskopik tətbiqlər, laparoskopik və torakoskopik cərrahiyyə, travma cərrahiyyəsi məşğul olduğumuz başlıca sahələrdir. İş prinsipimiz uşaq üçün ən rahat, ağrısız və onun psixoloji inkişafına zərər verməyəcək şəkildə çalışmaqdır.

Back To Top