skip to Main Content
Baku Medical Plaza, Uşaq Sağlamlıq Mərkəzi
(012) 909 bmp@pediatriya.com.az Uşaq Sağlamlıq Mərkəzi
Qəbizlik – Uşaqlarda əhəmiyyət Verilməsi Tələb Olunan Problem

Qəbizlik – Uşaqlarda əhəmiyyət verilməsi tələb olunan problem

Qəbizlik nədir?

Bir çox ailələr uşaqlarında nəcis ifrazı ilə əlaqədar problemlərdən gileylənirlər. Ümumiyyətlə, pediatra müraciət hallarının 3%-də qəbizlik və alt paltarın kirlənməsindən şikayət edilir. Uşaqlarda qəbizlik nəcis ifrazının tezliyindən asılı olmayaraq, nəcisin bərk konsistensiyalı olmasına görə müəyyən edilir.

Qəbizliyin səbəbləri nələrdir?

Bu şikayətlərlə həkimə müraciət edən xəstələrdə səbəb hormonal və ya metabolik pozğunluqlar, bağırsaqların sinir mənşəli pozğunluqları, başqa səbəblərlə əlaqədar istifadə edilən preparatlar ola bilsə də, ən çox rast gəlinən səbəb funksional qəbizlikdir. Funksional qəbizlik, qəbizliyin əsasında duran başqa bir patologiyanın müəyyən edilmədiyi hallarda, həmin qəbizliklərə verilən addır.

Qəbizlik əlamətləri nədir?

  • Uşağın həftədə 3 dəfədən az nəcis ifraz etməsi;

  • Uşağın hər dörd nəcis ifrazından birində ağrıdan şikayət etməsi və ya həddən artıq gücənməsi;

  • Hər dörd nəcis ifrazından birində nəcisin sərt və ya parça-parça şəklində olması;

  • Alt paltarın kirlənib-kirlənməməsindən asılı olmayaraq, düz bağırsaqda daim nəcis olması.

Diaqnoz necə qoyulur?

Yuxarıdakı əlamətlərdən biri və ya bir neçəsinin olması əsasında qoyulur. Lakin, funksional qəbilzik diaqnozunu qoya bilmək üçün, qəbizliyə səbəb ola biləcək digər patologiyalar istisna edilməlidir.

Müalicə üsulları nələrdir?

Pozğunluğunə əsasında yatan başqa səbəb aşkar edilərsə, müalicə bu istiqamətdə aparılmalıdır.
Başqa bir səbəb aşkar edilməyən funksional qəbizliklərdə 3 hədəfə nail olmaq lazımdır:

  1. Nəcisin yumşaq qalmasını təmin etmək;
  2. Nəcis ifrazının ağrılı olmasının qarşısını almaq
  3. Düzənli nəcis ifrazına nail olmaq (tualet tərbiyəsi)

Müalicə edilmədikdə nə baş verər?

Adətən, cəmiyyətimizdə o qədər də əhəmiyyət verilməyən qəbizlik müalicə edilmədiyi təqdirdə yoğun bağırsaqlarda nəcisin daşlaşmasına və alt paltara sürtülən şəkildə nəcis qaçırmaya (enkoprez) səbəb olur. Nəcis qaçıran uşaqlar yoldaşlarından uzaqlaşır, özünə olan inamı azalır. Bunlardan əlavə, qəbizlik iştahasızlıq, böyümə və inkişaf ləngiməsinə, qanazlığına, mütəmadi olaraq təkrarlanan qarın və aşağı ətraf ağrılarına səbəb olur. Həmçinin, uşaq böyüdükcə anal çat və yoğun bağırsağın həddən artıq genişlənməsi ilə əlaqədar cərrahi müdaxilə tələb oluna bilər.

TEZ-TEZ VERİLƏN SUALLAR

Şam və ya imalələr öyrəşmə verirmi?
Xeyr. İlk 5-10 gündə istifadə edilən şam vəya imalədə məqsəd başlanğıcda uşağın unutmuş olduğu nəcis ifrazı hissinə onu yenidən alışdırmaq və nəcisin ən sərt son qismini yumşaltmaqdır. Şam vəya imalə vəziyyətdən asılı olaraq 5-10 gün istifadə edilir və sonar kəsilir. Asılılığa səbəb olmur, əksinə, müalicə ləngidildiyi zaman qəbizlik özü alışqanlıq halına gəlmiş olur.

Uzun müddət sirop istifadə edilməsinin zərərləri varmı?
Xeyr. Qəbizliyin müalicəsində istifadə edilən sirop tövsiyə olunan dozalarda tətbiq edilərsə, əlavə təsirlərə səbəb olmur. Bağırsaqdan sorulmayan bu siropların təsir mexanizmi nəcisin suyu hopduraraq daha yumşaq konsistensiyada olmasını təmin etməyə əsaslanır.

Sirop istifadə edilməsinə baxmayaraq qəbizlik davam edir, nə etməliyəm?
Bunun iki səbəbi ola bilər. Birinci və ən çox rast gəlinən səbəb müalicədə əhəmiyyətli yer tutan qidalanma rejiminə diqqət edilməməsi və ya müalicənin düzgün aparılmamasıdır. İkincisi isə, patologiyanın əsasında başqa bir pozğunluğun durmasıdır.

Nəcis qaçırma problemi aradan qalxacaqmı?
Bəli. Nəcis qaçırmanın ən çox rast gəlinən səbəbi qəbizlikdir. Əgər problemin əsasında başqa pozğunluq durmursa və müalicəyə diqqət edilirsə, mütləq aradan qalxmalıdır. Eyni zamanda, nəcis qaçıran uşaqlarda bu problem aradan qalxdığı üçün onların motivasiyası yüksəlir və müalicəyə daha yaxşı riayət edirlər.

Uzm. Dr. Aqil Abilov

Ürək xarici toraks cərrahiyyəsi, onkoloji cərrahiyyə, mədə-bağırsaq sisteminin cərrahiyyəsi, uşaq ginekologiyası, uşaq urologiyası, diaqnostik və müdaxiləli endoskopik tətbiqlər, laparoskopik və torakoskopik cərrahiyyə, travma cərrahiyyəsi məşğul olduğumuz başlıca sahələrdir. İş prinsipimiz uşaq üçün ən rahat, ağrısız və onun psixoloji inkişafına zərər verməyəcək şəkildə çalışmaqdır.

Back To Top