Febril Qıcolmalar
Febril qıcolma nədir?
Bədən hərarəti yüksək olduğunda yaranan qıcolmalara febril qıcolma deyilir. 1 ay-5 yaş arasında, ən çox da 18-22 aylıq uşaqlarda qeyd olunur.
Febril qıcolmaların xüsusiyyətləri və təzahür formaları.
Bu tip qıcolmalar adətən qısa müddətli, generalizə (yayılmış) tonik-klonik, atonik, nadir hallarda fokal qıcolma şəklində keçir. Bir neçə dəqiqə ərzində davam edir. Bəzi hallarda tutmadan öncə ağlama, nəfəs saxlama, əzələlərin sərtləşməsi (tonik faza) ola bilər. Daha sonra üzdə və ətraflarda əzələ yığılmaları (klonik faza) görülə bilər.
Febril qıcolmaların kliniki xüsusiyyətlərinə görə, 2 forması var: sadə və mürəkkəb (kompleks).
Sadə qıcolmalar febril qıcolmaların 80%-ni təşkil edir. Sadə febril qıcolmalar aşağıdakı kriteriyalara uyğundur:
- Müddəti 15 dəqiqədən qısa
- Qıcolma forması – generalizə
- 24 saat ərzində 1 dəfə
- Qızdırma 38,5°C-dən yuxarı
- Nevroloji status normal
Mürəkkəb (ağırlaşmış, kompleks) febril qıcolmaların 15-20%-ni təşkil edir. Kompleks febril qıcolmalar fokal komponentlə başlayan, müddəti 15 dəqiqədən artıq olan, 24 saat ərzində təkrarlana bilən tutmalardır. Bədən temperaturu 38,5°C-dən də aşağı ola bilər.
Hansı uşaqlarda febril qıcolma yarana bilər?
Febril qıcolmaların yaranmasında ən önəmli risk faktorları xəstənin yaşı və bədən hərarətidir. Qızdırma nə qədər yüksək olarsa, qıcolma riski bir o qədər də yüksəkdir. Ailə üzvlərində və ya başqa yaxın qohumlarında febril qıcolma halları olan, nevroloji pozuntuları olan uşaqlarda febril qıcolmaların yaranma ehtimalı daha yüksəkdir.
Febril qıcolma epilepsiyaya yol açırmı?
Sadə febril qıcolmaların epilepsiyaya dönmə riski çox aşağıdır (0,5%). Febril qıcolmanın epilepsiya xəstəliyinə çevirən risk faktorları: ailədə epilepsiya xəstəliyi, digər nevroloji xəstəliklər, psixomotor inkişaf geriliyi, kompleks febril qıcolmalar və s.