Erkin Rəhimov: “Doğuş üçün xəstəxana seçərkən Neonatologiya şöbəsinə diqqət yetirin”
Baku Medical Plaza-nın Pediatriya və neonatologiya, yenidoğulmuşların reanimasiyası şöbələrinin müdiri uzman pediatr-neonatoloq Dr. Erkin Rəhimovun AZXEBER.COM-a müsahibəsini təqdim edirik:
– Eşitdiyimizə görə, Baku Medical Plaza Yeni Doğulmuşların Reanimasiyası şöbəsində daha əvvəl ölkəmizdə tətbiq edilməmiş yeni müalicə növləri istifadə edilir, mümkünsə bu haqda oxucularımıza məlumat verərdiz…
– Fəaliyyətə başladığımız gündən bu yana Baku Medical Plaza (Babək filialı) Neonatologiya şöbəsi olaraq hər daim bizdə doğulan körpələrimizə xüsusi qayğı ilə yanaşırıq. Bunun üçün tibbin bütün son yeniliklərini yaxından təqib edirik. İnkişaf etmiş ölkələrdə istifadə olunan ən yeni texnologiyaları və müalicə növlərini xəstəxanamızda tətbiq etməyə davam edirik. Bunun sayəsində bir çox ağır və ya vaxtından əvvəl doğulmuş övladımız həyata tutunur.
Bir çox yenilikçi müalicə növlərindən, xüsusən də biri haqqında məlumat vermək istəyərdim. Bilirsiniz ki, tibbin inkişafından asılı olmayaraq bəzən doğuş zamanı körpələr oksigensiz galır. Bu uşaqlarda buna bağlı (tibbdə buna hipoksiya deyilir) çox ağır fəsadlar görülür. Tarixdə bu cür uşaqlarda fərqli müalicələr aparılmasına baxmayaraq proqnoz çox vaxt pis olub. Bir çoxu erken dövrdə tələf olur, yaşayanlar isə həyatı boyunca nevroloji fəsadlarla yaşamağa məcbur qalır. Bir çoxumuz ağır serebral iflicli xəstələri görmüşük və onların nə cür əziyyətlərlə yaşadıqlarını bilirik. Son illərdə bu cür doğulmuş körpələrə ümid işığı verən yeni müalicə növü tapılıb. Ölkəmizdə bu günə gədər tətbiq edilməmiş olan, ancaq hal hazırda xəstəxanamızda istifadə edilən bu müalicə növünün adı – total bədən Hipotermiyasıdır. Bu müalicədə ağır oksigensiz qalma ilə doğulmuş körpələrin bədən temperaturası xüsusi aparat ilə 34C dərəcəyə qədər soyudulur və yaxın nəzərət altında tutulmaq şərti ilə 72 saat bu dərəcədə tutulur. Sonra bədən tədricən isidilir və normal temperatura gəldikdən sonra yanaşı digər müalicələrə davam edilir. İnsan beyin hüceyrələri çox həssasdır və qısa müddət belə oksigensiz qaldıqda sürətli ölür. Elmi tətqiqatlar göstərib ki, ağır hipoksiya ilə doğulmuş körpələrin bədən temperaturunun 34 C dərəcəyə qədər azaldılması onların beynində əmələ gələn hüceyrə ölümlərinin qarşısını alır. Digər tərəfdən hipotermiya özü bədənə ciddi fəsadlar verə bilər. Buna görə bu müalicəni tətbiq etmək üçün xüsusi hazırlanmış tibbi personal lazımdır. Bu gün biz bu metodun artıq ölkəmizdə istifadə etmənin sevincini yaşayırıq. Artıq bizim körpələrimiz də inkişaf etmiş bütün ölkələrdəki kimi həyata ilk adımlarını ciddi problemli şəkildə atmalarına baxmayaraq sağlam böyüyür. Unudulmamalıdır ki, bu cür doğulma onların günahı deyil və vaxtında müalicə başlansa sağlam olma ehtimalı yüksəkdir. Bunun üçün həyatının ilk 6 saatı içində hipotermiya müalicəsini başlamaq kritikdir. Bu hal ilə qarşılaşan həkimlərimiz və ailələrimiz vaxt itirmədən, dərhal bu müalicə növünü tətbiq edən qurumlarla əlaqə saxlamalıdır.
– Klinikada başqa nə kimi yenilklər var?
– Yuxarıda məlumat verdiyimizə əlavə olaraq bir çox fərqli yeni, müasir müalicə növləri də artıq ölkəmizdə istifadə edilir və şöbəmizdə yatan körpələrimiz bunlardan faydalanır. Bunların sayı çox olduğu üçün burada ancaq çox əhəmiyyətli olanları izah edəcəyik.
Tənəffüs çatışmamazlığı olan xəstələr lazım gəldikdə bütün reanimasiya şöbələrində xüsusi süni tənəffüs aparatına bağlanır. Ehtiyac halında onların ağciyərlərinə müalicəvi dərman yeridilir. Ama bunlara baxmayaraq bəzən xəstə getdikcə pisləşir. Bu cür xəstələr üçün nəzərdə tutulan xüsusi süni tənəffüs aparatları inkişaf etmiş ölkələrdə istifadə edilir. Adi aparatlardan fərqli olaraq onlarda yüksək frekanslı axım tətbiq edilir və ağciyərlərin bərpası nisbətən daha sürətlənir. Bu süni ağ ciyərləri havalandırma növünün adi – HFO ya da yüksək frekanslı ossilasiyadır. Ağciyər qanamalarında, diafraqma yırtıqlarında, ağır respirator distress sindromlarda bu aparat çox böyük əhəmiyyət kəsb edir və həyat qurtarıcı olur. Şöbəmizdə bir çox ağır yenidoğulmuş bu müalicə növünün tətbiq edilməsi ilə həyata tutundu.
Yenidoğulmuş körpələrdə tez-tez rast gəlinən və vaxtında müalicə aparılmasa ciddi nevroloji fəsadlara səbəb olan sarılıqda da ən yeni texnologiya – tunel tipli fototerapiya şöbəmizdə aktiv olaraq istifadə edilir. Bu aparat sadə təkli fototerapiya aparatlarından, müalicəvi işığın 360 dərəcədən uşağa verilməsi ilə fərqlənir. Bunun sayəsində sarılıq daha tez düşür və fəsadların qarşısı alınır. Bir çox halda bu müalicə ilə həmçinin yüksək sarılıqda tətbiq edilən riskli qan dəyişdirmə prosedurundan qaçmaq mümkün olur.
– Aparat və yeni müalicə növləri haqqında ətraflı danışdıq, tibbi personalın peşəkarlığı da bu cür doğulmuş körpələrin yaşamasında mühüm rol oynayır. Bu haqda nə deyə bilərsiz?
– Dediyiniz kimi bu yeni və faydalı müalicə növlərinin düzgün tətbiqi üçün profefional və peşəkar tibbi personal mütləqdir. Bunun üçün həkim, tibb bacısı və digər yardımçı personal seçimində ilk növbədə peşəkarlığa və xarici ölkələrdəki iş təcrübəsinə diqqət yetirilir. Gənc və dinamik həkim heyətimiz hər il çoxlu elmi konfraslara qatılır, bu sahədə son çap olunmuş elmi məqalələri təqib etməyə çalışır.
Burada xüsusən bizə yardımçı olan pediatriyanın digər sahalərindən danışmaq istəyərdim. Bilindiyi kimi, vaxtından əvvəl doğulmuş uşaqlarda göz, ürək, beyin və başqa orqanlarda ciddi problemlər görülə bilər. Məsələn, gözün torlu qişasında erkən doğuşa bağlı olaraq geri dönüşü olmayan, korluğa səbəb olan retinopatiya əmələ gələ bilər. Bunu vaxtında aşkar etmək üçün reanimasiya şöbəsində xüsusi avadanlıqla ROP (vaxtından əvvəl doğulmuşların retinopatiyası) müayinəsi aparılmalıdır. Gecikmə bu uşaqların kor yaşamasına səbəb olur. Bu müayinə xüsusi təcrübə və peşəkarlıq tələb edir. Göz həkimimiz bunun üçün xaricdə xüsusi staj keçdikdən sonra bu müayinəni şöbəmizdəki xəstələrə tətbiq eləyir. Bir çox körpəmiz bunun nəticəsinda görmə qabiliyyətini itirmədən böyüyür. Bu deyilənləri ürək üçün də demək olar. Bir çox ürək qüsuru bilinməsinə baxmayaraq erkən doğulmuş körpələrdə botal axacağın bağlanmaması (PDA) ən çox problem yaradır. Vaxtında müalicə edilməsə uşaq inkişafdan geri qalır, ağciyər sağalmır və bəzən də tələf olmasına səbəb olur. Bu hallarda ilk növbədə dərman ilə müalicə aparılır, amma fayda olmazsa əməliyyat olunmalıdır. Bu qədər balaca körpələrdə bu əməliyyat ciddi risklər daşıyır. Bunun üçün xüsusi yetişdirilmiş anesteziya həkimi, reanimatoloq və ürək cərrahı lazımdır. Sevindirici haldır ki, artıq bizim ölkədə bu cür uşaqlara bu əməliyyat müvəffəqiyyətlə tətbiq edilir. Şöbəmizdə hətta 25 və 26 həftəlik doğulmuş, çəkisi 1000 qr-dan az olan körpələrə belə bu əməliyyatlar aparılıb. Bu uşaqların ailələrinə sağlam verilməsi və sonradan poliklinik kontrollarına gəlmələri bizi çox sevindirir.
Cərrahiyyədən söhbət açılmışkən uşaq cərrahiyəsi bizim ən böyük dəstəyimizdir. Ən kiçik körpələri belə lazım gəldikdə əməliyyat edirik və çox peşakar uşaq cərrahımız sayəsində yaşatmayağa çalışırıq. Artıq fəxr ilə deyə bilərəm ki, bizim ölkədə ən çətin neonatoloji cərrahi əməliyyatlar belə yaxşı nəticələr verir. Bunun üçün xarici ölkələrə üz tutmağa ehtiyac qalmayıb. Bir sözlə, doğuş üçün tərəddüd etmədən bizə müraciət edə bilərsiniz
– Son olaraq başqa xəstəxanalarda doğulmuş körpələri alırsınızmı? Bu prosedura necə olur və bundan faydalanmaq istəyən ailələr nə etməlidir?
– Bəli, biz ən ağır vəziyətdəki körpələri belə lazım gəldikdə şöbəmizə köçürürük. İlk növbədə onu demək istəyərdim ki, yeni doğulmuş körpələrin transportu çox məsuliyətli və çətin işdir. Vaxtından əvvəl ya da vaxtında, lakin ağır doğulmuş körpələr çox həssas və bədən istiliyini qorumaqdan aciz olduğu üçün onlar üçün əvvəl isidilmiş xüsusi transport küveyzdə daşınmalıdır. Çox vaxt süni tənəffüs aparatında olduqları üçün yolda problem olmaması üçün bu transport küveyzdə mütləq süni tənəffüs aparatı da olmalıdır. Bunlar olmadan körpə daşınması çox risklidir və çox vaxt ölümlə nəticələnir. Bunlara əlavə olaraq ən pis halları nəzərə alaraq ambulansda bu uşaqların reanimasiyası üçün lazımlı bütün digər avadanlıq olmalıdır. Həkim-neonatoloqun də bu işdə təcrübəsi əlavə olununca transport güvənli bir şəkildə həyata keçirilə bilər. Məhz bunları nəzərə alaraq biz xususi ambulansı bütün bu avadanlıqlarla təchiz etdik və tibbi personala bu barədə praktiki tədris verdik. Artıq istənilən yerdən ən ağır uşaqları belə xəstəxanalar arasında daşıyırıq.
Prosedura gəldikdə isə, ilk növbədə həkimi ya da ailəsi bizimlə əlaqə saxlayır. Uyğun görülən hallarda xüsusi briqada ambulans ilə göndərilir. Xəstə yerində dəyərləndirilir və köçürülməsinə əks görtəriş görülməyən körpələr ailənin razılığı alınaraq transport küveyz içində daşınır.
Son olaraq, biz Baku Medical Plaza Neonatologiya şöbəsi olaraq hər bir körpənin sağlam yaşama haqqına sahib olduğunu nəzərə alaraq daima ən yüksək səviyyədə tibbi xidmət göstərməyə çalışırıq. “Hər həyata sağlam tutunan körpə bizim gələcəyimizdir” prinsipi ilə hər zaman bu çətin vaxtlarında ailələrə dəstək verməyə çalışırıq. Ümid edirəm ki, bizim ölkə də neonatoloji göstəricilər baxımından ən inkişaf etmiş ölkələrdən geri qalmayacaqdır.